Hörmətli iştirakçılar!
Macarıstanda gənc nəsli dəstəkləməyi vacib hesab edirik, çünki onlar bizim gələcəyimizdir. Bu ruhda “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalına dəstək olmaq və burada iştirak etmək bizim üçün böyük məmnuniyyətdir. Əminəm ki, tədbir öz məqsədinə xidmət edəcək və iştirakçılarına ilham verəcəkdir.
Sizə uğurlu festival arzulayıram.
Mən çox şadam ki, artıq bir neçə il arzusunda olduğumuz an gəlib çatıb və biz, nəhayət ki, “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının iştirakçılarını və qonaqlarını Bakıda salamlayırıq.
Əminəm ki, Festival müxtəlif ölkələrdən olan yeniyetmələrin ünsiyyət qurması və dostlaşması üçün şərait yaratmaqla yanaşı, kinematoqrafiya nümunələrinin seyri və praktik məşğələlərin vasitəsilə onların hərtərəfli biliklərinin artmasına, həmçinin, yeni istedadlarının aşkar edilməsinə səbəb olacaq. Festival ərzində 9 ölkədən 300-ə yaxın yeniyetmə birlikdə filmləri müzakirə edəcək, yeni ideyalarla bölüşəcək və, sadəcə olaraq, özlərinkindən fərqli olan həyat tərzləri ilə yaxından tanış olacaqlar ki, bu da öz növbəsində gənclərimizdə tolerantlıq, insanpərvərlik və xoşməramlıq hisslərinin tərbiyə olunmasına gətirib çıxarır.
Mən, Festivala dəstək olan AR Mədəniyyət Nazirliyinə, AR Kinematoqrafçılar ittifaqına, sponsorlarımız PASHA Holding MMC-yə, Debet Uniform MMC-yə və bizə yardım edən digər təşkilatlara və insanlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, “Salam”-ın işçi komandasının və könüllülərin Festivalın təşkil olunması prosesindəki əməklərini xüsusi vurğulamaq istəyirəm.
Hər birinizə “Xoş gəlmisiniz!” deyirəm və ümid edirəm ki, hər bir Festival iştirakçısı özünü evindəki kimi hiss edəcək və bu 4 gün ərzində baş verənlərdən zövq alacaq.
Bu il “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı Azərbaycanda ilk dəfə keçirilir. Festivalın işçi komandasının üzərinə böyük məsuliyyət düşür və komandamızın hər bir üzvü bunu hiss edir. Dünyanın 9 ölkəsindən 300-ə yaxın yeniyetmənin iştirak etdiyi Festivalın proqramına tammetrajlı bədii filmlər konkursu, qısametrajlı filmlərin nümayişi, qeyri-adi interaktiv praktiki məşğələlər, maraqlı ekskursiyalar və gənc kino ulduzları ilə görüş daxildir. Çalışıriq ki, Festivalımız azad ab-havalı elə bir yaradıcılıq platformasına çevrilsin ki, gənclərimiz burada kino sənətinin nümunələrini həmyaşıdları ilə müzakirə edərkən özlərində yeni ideyaları, fərqli düşüncələri qəbul etməyə qadir olan açıq şüur yetişdirsinlər, arzu və diləkləri ilə bölüşə bilsinlər.
İnanıram ki, komandamızın və könüllülərimizin əməyi öz bəhrəsini verəcək və hər bir yeniyetmə festivalımızda özünə yeni dostlar və unudulmaz təəssüratlar qazanacaq.
Sizə Festival günlərində bayram əhval-ruhiyyəsi arzulayıram!
“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalında iştirak edən hər bir yeniyetmə özünəməxsus istedada malikdir. Biz iştirakçıları istedada görə seçməmişik: hər bir yeniyetmə bizim festivalda iştirak edə bilər. Lakin hazırlıq mərhələsində məktəblərdəki görüşlər zamanı uşaqların gözlərində yanan maraq hissi, onlarla olan söhbətlərimiz bizi gənclərimizin çox parlaq qabiliyyətlərə sahib olduqlarına bir daha inandırdı. Fikrimcə, ən vacib istedad isə ünsiyyət qurmaq istedadıdır. Ümid edirik ki, festivalımız yeniyetmələrimizin ünsiyyət qurmaq bacarıqlarını daha da inkişaf etdirəcək. İtaliyadan, Almaniyadan, Rusiyadan, Hindistandan, Ukraynadan, Türkiyədən, Gürcüstandan, Pakistandan, Makedoniyadan olan gənclərin Festivalımızda iştirakı buna zəmin yaradır.
Əminəm ki, bu 4 gün çox maraqlı keçəcək.
Salam, əziz “Salam”çılar!
Sizə uğurlar diləyirəm!
Mən çox şadam ki, Salam Beynəlxalq Yeniyetmə Film Festivalı qayıdıb və biz onun ikinci buraxılışını həyata keçirəcəyik. Festivalın geri qayıtmasını səbirsizliklə gözləyən və bu kino bayramının bir hissəsi olmaq arzusunda olan çoxsaylı gəncləri görmək məni ürəkdən sevindirir. Bu il Festivalın iştirakçılarının sayı 350-dən artıqdır. Festivalın ilk buraxılışının iştirakçıları isə öz əziz xatirələrini yeni gələnlərlə bölüşməkdən məmnundurlar və onlarda həyatları boyu qalacaq təəssüratlar yaradırlar. Salam Beynəlxalq Yeniyetmə Film Festivalının artıq görkəmli brendə çevrildiyini bəyan etməkdən böyük qürur duyuram. Onun yaradılması azərbaycanlı yeniyetmələrin və onların digər həmyaşıdlarının təcrübələrinin zənginləşdirilməsi məqsədi daşıyır. Amalımız elə bir platforma təqdim etmək idi ki, bu platforma onları nəinki əlamətdar filmlərlə tanış edir, həm də onların yaradıcılıq potensialının inkişafını təşviq edir. Bundan əlavə, festival mədəniyyət mübadiləsini, dostluq əlaqələrinin qurulmasını və xalqlar arasında sərhədlərin ləğvini tərənnüm edir. Bu, həm də yeniyetmələrə qonaqpərvər ölkə olan Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq üçün gözəl imkan yaradır. Bu ruhlandırıcı səyahətimizdə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, əvəzsiz baş sponsorumuz “Pasha Holding” şirkətinə və bütün digər hörmətli tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm.
Salam, əziz “Salamçılar”! Dörd illik fasilədən sonra yenidən Sizinlə görüşmək, macəra eşqi ilə parlayan gözlərinizi görmək, özünəinam hissi ilə dolu nitqlərinizi eşitmək çox xoşdur. Sizin üçün çox darıxmışdıq. Və Festivaldan öncə baş tutan görüş və danışıqlardan belə qənaətə gəldik ki, Siz də bizi unutmamısınız.
“Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının gənclərimiz tərəfindən sevilməsini duymaq, Festivalın ilk buraxılışının artıq yeniyetmələrdə və valideynlərdə gözəl xatirələr yaratdığını bilmək çox qürurvericidir. Demək, komandamızın zəhməti hədərə getməyib. “Salam” BYFF-2023 könüllülərinin böyük əksəriyyətinin festivalın birinci buraxılışının iştirakçıları olması buna daha bir sübutdur. Çox sağ olun ki, bizimləsiniz! Çox sağ olun ki, öz güvəninizlə bizi yeni-yeni zirvələri fəth etməyə ruhlandırırsınız! Etimadınızı doğrultmağa çalışırıq: Festivalda nümayiş üçün ən son, məşhur festivallarda iştirak etmiş filmlər seçilib, proqrama yeni interaktiv seminarlar daxil edilib. İnanıram ki, “Salam”-ın ikinci buraxılışı həddən artıq maraqlı keçəcək, Festivalın hər günü ecazkar məqamlarla dolu olacaq və yeniyetmələrimizin qəlbindəki yaradıcılıq ruhunu daha da dirçəldəcək!
Bu il Salam Beynəlxalq Yeniyetmə Film Festivalının müstəsna komandasının bir hissəsi olmaq mənə hədsiz sevin gətirir. İlk festival iştirakçılarından
saysız-hesabsız əziz xatirələr və ilham dolu söhbətlər eşitmişəm. Səbirsizliklə özümü həmin atmosferə qərq etmək üçün fürsəti gözləyirəm.
Mənə göstərilən etimada görə minnətdaram ki, festivalın proqramının formalaşdırılmasına öz töhfəmi vermək imkanı almışam. Biz filmləri qəlbimizin
səsini dinləyərək seçmişik: təkcə istedadlı və yenilikçi deyil, həm də dünyanın müxtəlif mədəniyyətlərini və tarixlərini təmsil edən filmləri seçmişik. Arzumuz budur ki, festivalımızın iştirakçıları kino sənəti ilə dərindən tanış olsunlar, bu tədbir zamanı füsunkar hekayələr ətrafında birləşsinlər və öz şəxs hekayələrini paylaşsınlar. Ümid edirik ki, festival iştirakçıları Azərbaycanın mədəni zənginliyini hiss edəcək, öz ölkələrinə olan sevgilərini və sərhəd tanımayan dostluqlarını bölüşəcəklər.