LEYLA DOSTƏLİZADƏ
FESTİVALIN ART DİREKTORU, "NARİMANFİLM" KİNOSTUDİYASININ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ
Salam, əziz “Salamçılar”! Dörd illik fasilədən sonra yenidən Sizinlə görüşmək, macəra eşqi ilə parlayan gözlərinizi görmək, özünəinam hissi ilə dolu nitqlərinizi eşitmək çox xoşdur. Sizin üçün çox darıxmışdıq. Və Festivaldan öncə baş tutan görüş və danışıqlardan belə qənaətə gəldik ki, Siz də bizi unutmamısınız.
“Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının gənclərimiz tərəfindən sevilməsini duymaq, Festivalın ilk buraxılışının artıq yeniyetmələrdə və valideynlərdə gözəl xatirələr yaratdığını bilmək çox qürurvericidir. Demək, komandamızın zəhməti hədərə getməyib. “Salam” BYFF-2023 könüllülərinin böyük əksəriyyətinin festivalın birinci buraxılışının iştirakçıları olması buna daha bir sübutdur. Çox sağ olun ki, bizimləsiniz! Çox sağ olun ki, öz güvəninizlə bizi yeni-yeni zirvələri fəth etməyə ruhlandırırsınız! Etimadınızı doğrultmağa çalışırıq: Festivalda nümayiş üçün ən son, məşhur festivallarda iştirak etmiş filmlər seçilib, proqrama yeni interaktiv seminarlar daxil edilib. İnanıram ki, “Salam”-ın ikinci buraxılışı həddən artıq maraqlı keçəcək, Festivalın hər günü ecazkar məqamlarla dolu olacaq və yeniyetmələrimizin qəlbindəki yaradıcılıq ruhunu daha da dirçəldəcək!